Premyer Liqanın 37-ci turunda Çempionlar Liqasına yollanmağı hədəfləyən “Aston Villa” öz meydanında “Liverpul” futbolçuları ilə üz-üzə gəlib.

Qarşılaşmada hesab erkən dəqiqələrdə açılıb. Start fitindən 2 dəqiqə sonra “Liverpul”un hücumu zamanı kobud səhvə yol verən qapıçı Emiliano Martinez “mersisaydlılar”ın hesabda irəli keçməsinə şərait yaradıb. Lakin çox keçmədən bərabərlik təmin olunub. Yuri Tilemans fərqlənərək yerli azarkeşləri sevindirib. 23-cü dəqiqədə Kadi Qakpo növbəti dəfə meydan sahiblərinin qapısına yol tapıb. Fasilədən sonra Carrel Kuansa fərqi iki topa çatdırıb. Lakin ruhdan düşməyən “Aston Villa” futbolçuları məğlubiyyətdən xilas olmağı bacarıblar. 79-ci dəqiqədə meydana yeni daxil olan Con Duran çox keçmədən fərqi azaldıb. Bu qoldan 3 dəqiqə sonra kolumbiyalı futbolçu dubl edərək yekun hesabı müəyyənləşdirib: “Aston Villa” – “Liverpul” 3:3. Beləliklə, aktivinə növbəti xalı daxil edən “Aston Villa” 68 xalla əvvəlki – 4-cü pillədə qalıb. Komanda sonuncu turda qalib gələcəyi halda növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak edəcək. “Liverpul” isə 79 xalla 3-cüdür. Çempionata 86 xalla hələlik “Arsenal” başçılıq edir. “Topçular”dan bir xal az toplayan və ehtiyatda 1 oyunu qalan “Mançester Siti” ikincidir.